You are here: 
Münzen ges

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının Beynəlxalq Forumu keçirilib

Release Date:

2026-cı il 10 iyul tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının Beynəlxalq Forumu keçirilib.


İştirakçılar öncə Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyulub. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də anılıb, məzarı üzərinə tər güllər düzülüb.


"TDT ölkələrində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin anlaşılması: ortaq çağırışlar, birgə həllər" mövzusuna həsr olunan forum TDT məkanında maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə cinayətləri ilə mübarizə sahəsində vahid yanaşmaların formalaşdırılması məqsədini daşıyır.


Forumun açılış mərasimində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, eləcə də üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri və digər yüksək səviyyəli qonaqlar çıxış edib. Zaur Fətizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan uğurlu islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib. Vurğulanıb ki, dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə ədalətli bazar və sağlam maliyyə münasibətlərinin davamlı inkişafını, müasir tələblərə cavab verən maliyyə sisteminin formalaşmasını təmin edib.


Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın maliyyə kəşfiyyatı orqanları rəhbərlərinin iştirakı ilə rəhbərlər paneli keçirilib. Panel zamanı üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, maliyyə cinayətləri ilə mübarizədə qarşıda duran çağırışlar və birgə fəaliyyət istiqamətləri barədə müzakirə aparılıb, mövzu üzrə təqdimatlar edilib.

Previus news:
Next news: