Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) və Cəbəlüttariq Maliyyə Kəşfiyyatı Xidməti tərəfindən 2024-cü ilin iyun ayından etibarən həyata keçirilən birgə layihə uğurla yekunlaşıb.
Layihə çərçivəsində, Egmont Qrupunun Avropa II Regional Qrupu daxilində Horizontal Təhlil aparılmış və FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) Birbaşa Nəticə 2 və 6, həmçinin 29 və 40-cı Tövsiyələri əhatə edilib. Təhlil çərçivəsində 23 FATF və MONEYVAL qarşılıqlı qiymətləndirmə hesabatı detallı şəkildə təhlil olunmuş və kodlaşdırılmışdır. Eyni zamanda müxtəlif yurisdiksiyalarda müşahidə olunan ümumi güclü tərəflər, çatışmazlıqlar və tövsiyə olunan tədbirlər müəyyən olunub. Təhlil Birbaşa Nəticə 2 və 6 üzrə effektivliyə təsir edən əsas məqamları aşkarlayaraq, region ölkələrinin praktik vəziyyətinə dair geniş məlumat təqdim edib.
Layihə həmçinin maliyyə kəşfiyyatı orqanları və hüquq mühafizə orqanları arasında əməkdaşlıq, şübhəli əməliyyat hesabatlarının keyfiyyəti, beynəlxalq əməkdaşlıq və maliyyə kəşfiyyatı məlumatlarından istifadə sahəsindəki praktik çətinlikləri qiymətləndirmişdir. Bundan əlavə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində təsirli nəticələrin gücləndirilməsi üçün təlim prioritetləri müəyyən edilmiş və tövsiyələr hazırlanıb.
Sözügedən sənəd 2025-ci il 8 dekabr tarixində Egmont Qrupunun Avropa II Regional Qrupunun intersessiya toplantısında təqdim olunub və regional təcrübələrin paylaşılması və ƏL/TMM sahəsində praktik tövsiyələrin tətbiqi üçün önəmli vasitə kimi qiymətləndirilir.