Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Arzu Xəlilova Eqmont Qrupunun 2026-ci il 5–10 iyul tarixlərində Bakıda keçirilmiş 32-ci plenar iclası və işçi qruplarının görüşləri çərçivəsində, “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini vəzifəsinə seçilib.
Maliyyə kəşfiyyatı orqanları arasında (MKO) beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə 9 iyun 1995-ci il tarixində təsis edilmiş Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsini təmin edən beynəlxalq platformadır. Hazırda bu quruma 186 ölkənin MKO-su üzvdür.
“Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MKO-ların cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq standartlara və üzvlük meyarlarına uyğun fəaliyyət göstərməsini təmin edən əsas struktur bölmələrdən biridir.
Qeyd edək ki, Arzu Xəlilova Eqmont Qrupunun “Üzvlük, Dəstək və Uyğunluq üzrə İşçi Qrupu”nda fəal iştirak etmiş, Sierra Leone, Konqo Demokratik Respublikası və Madaqaskar MKO-larının üzvlük müraciətləri üzrə hüquqi rəyçi, Dəstək və Uyğunluq Prosesində isə ekspert kimi fəaliyyət göstərmişdir. O, həmçinin “Maliyyə Kəşfiyyatı Orqanlarının Müstəqilliyi və Muxtariyyəti” layihəsi çərçivəsində alt işçi qrupunun həmsədri olaraq müvafiq Qaydaların hazırlanmasına rəhbərlik etmişdir.