Maliyyə Monitorinqi Xidmətində (MMX) Özbəkistan Respublikasının Baş Prokurorluğu yanında İqtisadi Cinayətlərlə Mübarizə Departamentinin nümayəndə heyəti ilə 6-7 oktyabr tarixlərində ikitərəfli görüş keçirilib.
Görüşdə hər iki tərəfin nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.
İdarə Heyətinin sədri Zaur Fətizadə açılış nitqində qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev arasında mövcud olan sıx və dost münasibətlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün möhkəm zəmin yaradır. Bu münasibətlər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də ikitərəfli əlaqələrin genişlənməsinə mühüm təkan verir.
Sədr əlavə edib ki, tərəflər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində məlumat mübadiləsinin effektivliyi artıb və əməkdaşlıq praktiki nəticələr verir. Daha sonra Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin maliyyə monitorinqi orqanlarının beynəlxalq forumu çərçivəsində qəbul edilmiş Şuşa təşəbbüsü iki qurum arasında münasibətləri daha sıx mərhələyə keçirib.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Marat Yunusov çıxışında xalqlarımızı qədimdən birləşdirən dostluq və qardaşlıq tellərinin dövlətlərarası münasibətlərin möhkəmlənməsi üçün əsas olduğunu vurğulayıb. O, səfərin qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə, maliyyə təhlükəsizliyi və davamlı inkişaf istiqamətində birgə fəaliyyətin güclənməsinə xidmət edəcəyini bildirib.
Görüş çərçivəsində MMX nümayəndəsi Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) barədə təqdimat edib. İştirakçılara sistemin funksionallığı, iş prinsipləri və gələcək tətbiq perspektivləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “ŞƏMS” sistemi maliyyə əməliyyatlarının şəffaflığının artırılmasına və qeyri-qanuni əməliyyatların qarşısının alınmasına yönəlmiş yeni həllər təqdim edən, süni zəka əsasında təkmilləşdirilmiş proqramdır.
Daha sonra Maliyyə Monitorinqi Xidmətinin müvafiq sahə üzrə Elektron Tədris Portalı barədə təqdimat nümayiş etdirilib. Portalın imkanları, istifadəsi və üstünlükləri barədə ətraflı məlumat verilib.
Görüşün sonunda 2024-cü ilin oktyabr ayında keçirilmiş Türk Dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanları Rəhbərlərinin Forumunda qəbul edilən “Şuşa Təşəbbüsü” çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.