2025-ci il 27 sentyabr tarixindən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 (2015) saylı Qətnaməsində nəzərdə tutulan bərpa mexanizminin işə düşməsi nəticəsində, İran İslam Respublikasına qarşı 2006–2010-cu illər arasında qəbul edilmiş sanksiyalar tam şəkildə yenidən qüvvəyə minib.
Böyük Britaniya, Fransa və Almaniya tərəfindən 2025-ci ilin avqust ayında təqdim edilən rəsmi bildirişdə, İranın Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə ciddi şəkildə əməl etmədiyi bildirilmiş və bu əsasla icrası dayandırılmış sanksiyalar bərpa edilmişdir. Nəticədə, Təhlükəsizlik Şurasının 1696 (2006), 1737 (2006), 1747 (2007), 1803 (2008), 1835 (2008) və 1929 (2010) saylı qətnamələrinin müddəaları əvvəlki formada qüvvəyə minib. Eyni zamanda, 2231 saylı Qətnamənin 7, 8 və 16–20-ci bəndləri ləğv olunmuşdur.
Bərpa olunan sanksiyalar silah embarqosu, raket texnologiyası, maliyyə və iqtisadi sahələrdə ciddi məhdudiyyətləri əhatə edir.
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə əsasən Təhlükəsizlik Şurasının sanksiyalarına əməl edilməsi bütün ölkələr üçün məcburidir.