Cari ilin 29–30 oktyabr tarixlərində Maliyyə Monitorinqi Xidməti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə prokurorluq, vergi və polis orqanlarında istintaq sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətlərinin istintaqının spesifik xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Təlimlər hibrid formatda təşkil olunub. Tədbirdə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları və Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri təlimçi qismində iştirak ediblər.
Təlimin ilk günündə Maliyyə Monitorinqi Xidmətinin Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi Aytən Mirzəzadə “Genişləndirilmiş müsadirənin tətbiqi ilə bağlı FATF standartı və onun əhəmiyyəti” və “Cinayət təqibi zamanı aktivlərin bərpasının prioritetləşdirilməsi” mövzularında təqdimatla çıxış edib. O, genişləndirilmiş müsadirə mexanizminin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınmasında mühüm rolunu vurğulayıb və bu sahədə beynəlxalq təcrübədən geniş bəhs edib.
Eyni zamanda, həmin şöbənin əməkdaşı Kəmaləddin Fərəcli “Məhkumluğa əsaslanmayan müsadirənin mahiyyəti və əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edərək, bu institunun tətbiqinin hüquqi və praktiki əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Təlimin növbəti günündə Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin direktoru Nurlan Babayev “Maliyyə əməliyyatlarının icrasının dayandırılması tədbirinin mahiyyəti və əhəmiyyəti” və “Paralel maliyyə araşdırmasının mahiyyəti və əhəmiyyəti” mövzularında təqdimat edib. O, bu tədbirlərin maliyyə cinayətlərinin qarşısının alınmasında və araşdırmaların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını qeyd edib.
Bundan əlavə, Maliyyə Monitorinqi Xidmətinin Məlumatların təhlili departamentinin direktoru Şahin Əliyev “Hüquq mühafizə orqanları tərəfindən kəşfiyyat məlumatlarının əldə edilməsi zamanı Maliyyə Monitorinqi Xidmətindən alınan məlumatlardan istifadə” mövzusunda çıxış edərək, Xidmət tərəfindən toplanan məlumatların istintaq və əməliyyat tədbirlərində effektiv istifadəsi istiqamətində mövcud imkanlar və əməkdaşlıq təcrübəsini iştirakçılara təqdim edib.
Təlim Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində həyata keçirilib. Tədbirin məqsədi müvafiq sahədə effektiv mübarizənin təmin edilməsi, həmçinin iştirakçı qurumlar arasında əməkdaşlığın gücləndirilməsidir.
İxtisaslaşdırılmış təlimlər silsiləsinin davamı olan bu tədbirdə ümumilikdə 30 nəfər əməkdaş iştirak edib.