Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən ev sahibliyi ilə Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq şəbəkəsi olan Eqmont Qrupunun 32-ci Plenar İclası, eləcə də İşçi və Regional Qrupların iclasları 2026-cı il 5–10 iyul tarixlərində Bakı şəhərində keçirilir.
Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə keçiriləcək iclaslarda dünyanın müxtəlif ölkələrini təmsil edən maliyyə kəşfiyyatı orqanlarının nümayəndələri iştirak edərək cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müzakirələr aparır.
Eqmont Qrupunun Plenar İclası təşkilatın əsas qərar qəbuletmə platformasıdır. Plenar iclas çərçivəsində maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri strateji məsələlər ətrafında fikir mübadiləsi aparacaq, təcrübələrini bölüşəcək və təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Bununla yanaşı, İşçi və Regional Qrupların iclasları əməliyyat və siyasət üzrə əsas sahələrdə texniki müzakirələrin və əməkdaşlığın inkişafına xidmət edəcək.
2026-cı il Plenar İclasının əsas mövzularından biri maliyyə cinayətlərinin dəyişən xarakteri fonunda dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi olacaq. Müzakirələr maliyyə kəşfiyyatı bölmələri ilə aidiyyəti dövlət və özəl qurumlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə həsr ediləcək.
Qeyd edək ki, Eqmont Qrupu dünya üzrə maliyyə kəşfiyyatı orqanlarını birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi üzvlər arasında məlumat, bilik və təcrübə mübadiləsini, eləcə də əməkdaşlığı təşviq etməkdir.
Eqmont Qrupu fəaliyyətini üç əsas istiqamətdə həyata keçirir. Birincisi, təhlükəsiz informasiya mübadiləsi platforması vasitəsilə üzvlər arasında əməliyyat əməkdaşlığını təmin edir. İkincisi, İşçi Qruplar və Potensialın Gücləndirilməsi Proqramı (ECOFEL) çərçivəsində peşəkar inkişaf və təlim imkanları yaradır. Üçüncüsü isə mütəmadi olaraq tipologiya hesabatları, risk indikatorları və xəbərdarlıq göstəriciləri hazırlamaqla üzvlər arasında bilik və təcrübə mübadiləsini gücləndirir.