Cari ilin 14 oktyabr tarixində Maliyyə Monitorinqi Xidməti tərəfindən Baş Prokurorluq əməkdaşları üçün “BMT-nin «Kibercinayətkarlığa qarşı» Konvensiyasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə qarşılıqlı təhlilinə dair” mövzusunda onlayn görüş keçirilib.
Görüş zamanı Maliyyə Monitorinqi Xidmətinin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəisi İbrahim Məmmədzadə və şöbənin əməkdaşı Kamaləddin Fərəcli tərəfindən Kibercinayətkarlığa qarşı mübarizə Konvensiyası çərçivəsində kibercinayətlər vasitəsilə əldə olunmuş cinayət gəlirlərinin və əmlakın leqallaşdırılmasına qarşı mübarizə, xüsusi müsadirə mexanizmləri, habelə rəqəmsal sübutların sürətli mühafizəsi və beynəlxalq əməkdaşlıq məsələləri barədə təqdimat nümayiş etdirilib.
Təqdimatın ardından Baş Prokurorluğun əməkdaşları ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısının alınması və aktivlərin bərpası üzrə milli qanunvericiliyin Konvensiya tələblərinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş interaktiv müzakirələrlə davam edib.