You are here: 
Münzen ges

MONEYVAL-ın növbəti plenar iclasında Azərbaycanın tərəqqi hesabatı qəbul edilib

Release Date:

MONEYVAL-ın növbəti plenar iclasında Azərbaycanın tərəqqi hesabatı qəbul edilib

Cari ilin 15–18 dekabr 2025-ci il tarixlərində Strasburq şəhərində Avropa Şurasının Cinayət Yolu ilə əldə edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 70-ci Plenar iclası və işçi qrup görüşləri keçirilib.

İclasda Azərbaycan Respublikasının nümayəndə heyəti ilə bərabər Avropa Şurasının MONEYVAL Komitəsinin üzv dövlətləri və beynəlxalq təşkilatlarını təmsil edən 200-ə yaxın ƏL/TMM üzrə ekspert iştirak edib.

Plenar iclasın əsas nəticələrindən biri kimi MONEYVAL çərçivəsində 5-ci qiymətləndirmə raundu üzrə bir sıra ölkələrin, o cümlədən Azərbaycan Respublikasının tərəqqi hesabatı qəbul edilmişdir. Bu, Azərbaycanın ƏL/TMM sahəsində həyata keçirdiyi islahatların və görülmüş tədbirlərin MONEYVAL tərəfindən müsbət qiymətləndirildiyini təsdiq edir.

Eyni zamanda Plenar iclasda Serbiya Respublikasının 6-cı qiymətləndirmə raundu üzrə qarşılıqlı qiymətləndirmə hesabatı qəbul edilmiş, eləcə də Xorvatiya, Estoniya, Gürcüstan, Monteneqro, Polşa və Slovakiya Respublikasının tərəqqi hesabatları təsdiqlənmişdir. Qəbul edilmiş qiymətləndirmə və tərəqqi hesabatlarının müvafiq prosedurlar tamamlandıqdan sonra yaxın həftələrdə dərc edilməsi nəzərdə tutulur.

Plenar iclas çərçivəsində MONEYVAL-ın qiymətləndirmə raundları üzrə Prosedur Qaydalarına dəyişikliklər qəbul edilmiş, virtual aktivlərdən və silahlı münaqişələrdən irəli gələn əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə dair iki tematik hesabat təsdiqlənib.

Ölkəmizin tərəqqi hesabatının qəbul edilməsi Azərbaycan Respublikasının FATF standartlarına uyğunluq istiqamətində əldə etdiyi davamlı irəliləyişlə yanaşı, inkişaf strategiyasının uğurla həyata keçirildiyini nümayiş etdirir.

Previus news: