Maliyyə Monitorinqi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini qurumlar üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanundan irəli gələn öhdəliklər” mövzusunda onlayn təlim keçirilib.
Təlim çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin Protokol və ictimai əlaqələr şöbəsinin rəisi Leyla Bağırova mövzu üzrə təqdimatla çıxış edib. Təqdimatda dini qurumların “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli Maliyyə Sanksiyaları haqqında” qanunlardan irəli gələn vəzifələri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, FATF tövsiyələri, terrorçuluğun maliyyələşdirilməsi riskləri, eləcə də qeyri-kommersiya təşkilatları üçün ianələrin qəbulu zamanı nəzərə alınmalı şübhəlilik meyarları (indikatorları) geniş şəkildə izah olunub.
Daha sonra Maliyyə Monitorinqi Xidmətinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Arzu Xəlilova dini qurumların “Hədəfli Maliyyə Sanksiyaları haqqında” Qanundan irəli gələn öhdəliklərindən bəhs edib, habelə müvafiq elektron informasiya sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayıb.
Onlayn formatda keçirilən təlimdə ölkə üzrə dini qurumları təmsil edən 100-ə yaxın nümayəndə iştirak edib. Təlim iştirakçıların fəal iştirakı ilə baş tutan sual-cavab sessiyası ilə yekunlaşıb.
Dini qurumların nümayəndələrinə təlim keçirilib
Release Date: