You are here: 
Münzen ges

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Release Date:

9 iyun – Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü münasibətilə Maliyyə Monitorinqi Xidmətində tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd maliyyə kəşfiyyatının milli təhlükəsizliyin təmin edilməsində, maliyyə sisteminin sabitliyinin qorunmasında, habelə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə rolunun vurğulanması olub.

Tədbirdə çıxış edən Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə maliyyə kəşfiyyatının müasir dövrdə artan əhəmiyyətindən, beynəlxalq əməkdaşlığın rolundan və bu sahədə qarşıda duran çağırışlardan bəhs edib. Daha sonra maliyyə kəşfiyyatının praktiki tətbiqi, yeni risklər və texnoloji çağırışlar, eləcə də beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi mövzularında çıxışlar dinlənilib.

Həmçinin qeyd olunub ki, cari ilin 5–10 iyul tarixlərində Eqmont Qrupunun plenar iclası Bakı şəhərində təşkil ediləcək. Tədbir çərçivəsində müxtəlif ölkələrin maliyyə kəşfiyyatı bölmələrinin nümayəndələri bir araya gələrək maliyyə cinayətləri ilə mübarizə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və məlumat mübadiləsinin inkişafı məsələlərini müzakirə edəcəklər.

Tədbir çərçivəsində maliyyə kəşfiyyatı sahəsində əldə edilmiş nailiyyətlər, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Xidmətin rəhbərliyi və heyəti tərəfindən Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olunaraq ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub. Heyət həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, 9 iyun tarixi maliyyə kəşfiyyat bölmələrinin beynəlxalq əməkdaşlıq platforması olan Eqmont Qrupunun yaradılması ilə əlaqədar olaraq Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü kimi qeyd olunur. Bu gün maliyyə kəşfiyyatının əhəmiyyətinin təşviqi, maliyyə cinayətləri ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və maliyyə kəşfiyyatı orqanlarının fəaliyyətinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Previus news: