Cari ilin 1-5 dekabr tarixlərində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Qazaxıstan Respublikası Baş Prokurorluğu ilə institusional əməkdaşlığın gücləndirilməsi çərçivəsində ixtisasartırma təlimi keçirilib.
Təlim çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin ƏL/TMM sahəsi üzrə eksperti, Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev təlimçi qismində çıxış edərək terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Azərbaycanda tətbiq olunan institusional mexanizmlər və praktiki alətlər, eləcə də Azərbaycanın hədəfli maliyyə sanksiyaları sisteminin institusional və qanunvericilik bazasını barədə məlumat verib.
O, çıxışında Xidmətin bu sahədə fəaliyyətinin hüquqi və institusional əsaslarını, riskəsaslı yanaşmaları və şübhəli maliyyə əməliyyatlarının aşkarlanması mexanizmlərini izah edib.
Fuad Əliyev, həmçinin qurumun daxili və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq mexanizmlərini, operativ məlumat mübadiləsi və transsərhəd əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb.
Təlim zamanı təqdim olunan praktiki nümunələr Qazaxıstan prokurorluq əməkdaşlarında xüsusi maraq doğurub və aktiv müzakirələrlə müşayiət olunub.
İntensiv kurs hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsinə və regionda maliyyə təhlükəsizliyinin gücləndirilməsinə töhfə verib.