Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 26 iyun tarixində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının Qırğız Respublikasında keçirilmiş Beynəlxalq Forumunda iştirak edib.
Tədbir zamanı İdarə Heyətinin sədri çıxış edərək, “Rəqəmsal texnologiyalar və virtual aktivlər kontekstində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və Türk dövlətlərinin təcrübəsi” mövzusuna həsr olunmuş forumun aktuallığını qeyd edib, bu sahədə mövcud çağırışlara yalnız müasir və birgə yanaşma ilə cavab verməyin mümkün olduğunu bildirib. Çıxışda Azərbaycanın bu sahədəki prioritetlərinə toxunulmuş, virtual aktivlər üzrə xidmət təminatçılarının tənzimlənməsi, risk əsaslı nəzarət alətlərinin tətbiqi və qabaqcıl analitik sistemlərin inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumat verilmişdir. Bundan başqa, ötən il Şuşada keçirilmiş ilk forumun əməkdaşlıq üçün davamlı əsas yaratdığı, cari görüşün isə həmin təşəbbüsün davamı kimi qiymətləndirilə biləcəyi qeyd edilib.
Forumda Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Rauf Namazov “Virtual aktivlər” mövzusunda təqdimatla çıxış etmiş, bu sahədə ölkəmizdə həyata keçirilən islahatlar, tənzimləmə tədbirləri və qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbir çərçivəsində forum iştirakçıları tərəfindən birgə Kommunike sənədi müzakirə edilib və yekdilliklə qəbul edilib. Bu sənəd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanları arasında təcrübə mübadiləsi, birgə təlimlər, regional koordinasiya sahəsində gələcək əməkdaşlıq istiqamətlərini, prioritetlərini əks etdirir, müşahidəçi tərəflərin cəlb olunması və birgə fəaliyyət planının hazırlanmasını müəyyən edir.