İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 3–5 noyabr tarixlərində “Vergi cinayətlərinin araşdırılması üzrə Yetkinlik Modelindən istifadə edilməklə özünüqiymətləndirmə” mövzusunda seminar keçirilib.
Seminarda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Dövlət qurumları ilə iş departamentinin direktoru Nurlan Babayev və departamentin əməkdaşı Kamaləddin Fərəcli iştirak etmişdir.
Seminar çərçivəsində Nurlan Babayev tərəfindən 3 noyabr tarixində Maliyyə Monitorinqi Xidmətinin vergi cinayətlərinin araşdırılmasında rolu və funksiyaları, vergi cinayətlərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə əlaqəsi, habelə bu sahədə Maliyyə Monitorinqi Xidməti ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və məlumat mübadiləsi mexanizmləri barədə təqdimat edilmişdir.
Bununla yanaşı, Xidmətin əməkdaşı Kamaləddin Fərəcli tərəfindən 5 noyabr tarixində İƏİT-nin vergi cinayətləri ilə mübarizə üzrə 10 qlobal prinsipindən 7-ci prinsip – “Vergi cinayətlərini cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması üçün predikativ cinayət kimi müəyyən etmək” üzrə özünüqiymətləndirmə aparılmış və müvafiq mövzuda çıxış edilmişdir.