8 may 2026-cı il tarixində AmCham Azərbaycan tərəfindən dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, maliyyə və enerji sektorlarının aparıcı təmsilçiləri, beynəlxalq ekspertlər və biznes liderlərinin iştirakı ilə İlk Risk və Dayanıqlılıq Konfransı təşkil olunub.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə əsas məruzə ilə çıxış edib. Zaur Fətizadə institusional dayanıqlılığın gücləndirilməsi, uyğunluq mədəniyyətinin inkişaf etdirilməsi və sürətlə rəqəmsallaşan qlobal iqtisadiyyatda maliyyə və korporativ sistemlərin yeni risklərə çevik uyğunlaşmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, maliyyə sistemində effektiv risk idarəçiliyi qabaqlayıcı yanaşma, risk əsaslı nəzarət mexanizmləri və güclü institusional çərçivə ilə təmin olunmalıdır.
Konfransın ikinci panel müzakirəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Aparat rəhbəri Rauf Namazov spiker qismində iştirak edib və moderatorun suallarını cavablandırıb. “Panel II: Maliyyə institutlarında risklərin idarə edilməsi” mövzusunda keçirilən müzakirələr zamanı Azərbaycanın maliyyə sektorunda daha çox diqqət yetirilməli olan sistem əhəmiyyətli risklər, bu risklərin idarə edilməsi istiqamətində qurumların atdığı addımlar, artım ambisiyaları ilə risk intizamı arasında yaranan gərginlik və maliyyə institutlarının bu balansı necə təmin etdiyi məsələləri müzakirə olunub. MMX üçün xüsusi hazırlanmış sualda isə maliyyə cinayətlərinin daha sürətli, daha mürəkkəb və getdikcə daha rəqəmsal xarakter alması fonunda, sistem üzrə ümumi mənzərəni görən qurum kimi Maliyyə Monitorinqi Xidmətinin baxışından maliyyə institutlarının gələcək inkişafında istifadə edilən alətlərin, kadr potensialının və uyğunluq mədəniyyətinin necə transformasiya olunmalı olduğu məsələsinə toxunulub.
Konfrans çərçivəsində aparılan müzakirələr maliyyə sektorunda risklərin effektiv idarə olunması, institusional dayanıqlılığın artırılması və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.