28 aprel 2026-cı il tarixində saat 11:30-da Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə videokonfrans formatında təlim keçirilib.
Təlim “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.2.2-ci və 8.2.3-cü yarımbəndlərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Risk əsaslı yanaşma əsasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik (2025–2027-ci illər üzrə) sahəvi nəzarət Strategiyası”nın 3-cü və 5-ci bəndlərinin, həmçinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin 2026-cı ilə dair İş Planının icrası çərçivəsində təşkil olunub.
Təlimin əsas məqsədi notariuslar tərəfindən institusional və sahəvi risklərin düzgün qiymətləndirilməsi, risk əsaslı yanaşmanın tətbiqi mexanizmlərinin izahı və müvafiq sahədə vahid praktikanın formalaşdırılması olub.
Təlim çərçivəsində “Notariuslar tərəfindən institusional risklərin qiymətləndirilməsi və müəyyən edilməsi qaydaları”; “Sahəvi risk qiymətləndirilməsinin məqsədi və aparılması qaydaları” mövzuları əhatə edilmişdir.
Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov təlimdə açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətini vurğulamış və təlimin moderatorluğunu həyata keçirmişdir.
Təlimçi qismində Maliyyə Monitorinqi Xidmətinin Dövlət orqanları ilə iş və benefisiar mülkiyyətçilərin təhlili departamentinin Dövlət qurumları ilə iş şöbəsinin rəisi İbrahim Məmmədzadə və həmin şöbənin mütəxəssisi Sübhan Qarayev çıxış ediblər. Təlimçilər risk əsaslı nəzarət mexanizmləri, institusional risklərin müəyyən olunması meyarları və sahəvi risk qiymətləndirilməsinin praktiki aspektləri barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırıb.
Tədbir çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində notariat sistemində risk əsaslı yanaşmanın tətbiqinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb.
Onlayn formatda təşkil olunan təlimdə respublika üzrə notariat ofislərini təmsil edən 225 nəfər notarius və məsul şəxs iştirak etmişdir.